Azərbaycan sığorta bazarının liderlərindən olan “Meqa Sığorta” ASC ilə ölkə futbolunun flaqmanı olan "Neftçi" PFK arasında əməkdaşlıq sazişi imzalanıb. Hər iki tərəfin rəhbərliyinin bəyanatına əsasən bu əməkdaşlıq ilkin mərhələdə il yarım davam edəcəkdir.
Mətbuat konfransında “Meqa Sığorta” ASC- nin İdarə Heyətinin sədr müavini öz çıxışında şirkətin korporativ sosial məsuliyyət layihələri çərçivəsində ölkədə idmana dəstək verilməsinə xüsusi diqqət yetirildiyini və "Neftçi" PFK ilə əməkdaşlığın əsas məqsədlərindən biri sağlam həyat tərzinin təbliğ olunması, eləcə də, ölkədə futbola ictimai marağın artırılması olduğunu qeyd etmişdir.
Qeyd etmək lazımdır ki, bu layihə “Meqa Sığorta” ASC-nin ilk sosial layihəsi deyil, belə ki, Şirkət 2015-ci ildə “Şahmat üzrə Dünya Kuboku”-nun, 2016-cı ildə “42-ci Dünya Şahmat Olimpiadası”-nın rəsmi tərəfdaşı, 2018-ci ildə isə Cüdo üzrə 32-ci Dünya Çempionatının partnyorlarından biri olmuşdur.
Şirkət haqqında
2010-cu ildə təsis edilmiş "Mega Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.
Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Mega Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.