İşə Qəbul Siyasəti
1. Siyasətin məqsədi
İşə qəbul Siyasətinin (bundan sonra - Siyasət) məqsədi “Meqa Sığorta” ASC-də Strateji Planda əks olunmuş Strateji baxış, Missiya və Dəyərlərə uyğun olaraq ədalətli və qanunvericilik tələblərinə cavab verən şəkildə işə qəbul prosesini həyata keçirilməsini təmin etməkdir. Siyasət, peşəkar və səriştəli namizədlərin cəlb olunması üçün ümumi çərçivəni müəyyən etməklə yanaşı, mövcud əməkdaşların inkişafını və karyera yüksəlişini də dəstəkləyir.
2. Siyasətin prinsipləri
Bu Siyasət aşağıdakı prinsiplərə əsaslanır:
· Şəffaflıq: Vakansiya və onun tələbləri açıq elan olunur, seçim mərhələləri və qərarvermə prosesi sənədləşdirilmiş prosedur əsasında aparılır.
· İnklüzivlik və müxtəliflik: İşə qəbul prosesi hər kəs üçün açıqdır. Namizədlər bərabər hüquqlara malikdir və yalnız peşəkar səriştə və vəzifə tələblərinə uyğun qiymətləndirilir; cins, yaş, irq, milliyyət, dini mənsubiyyət, fiziki imkanlar, ailə vəziyyəti və digər şəxsi xüsusiyyətlərə görə süni məhdudiyyətlər tətbiq edilmir.
· Keyfiyyət: Yüksək peşəkarlıq standartlarına əməl olunaraq, vəzifə tələblərinə, şirkət dəyərlərinə və inkişaf strategiyasına uyğun namizədlər seçilir.
· İnnovativlik: Şirkətdə açıq innovasiya mədəniyyəti təşviq olunur, yaradıcı yanaşmalar işə qəbul prosesinə də inteqrasiya edilir.
· Komanda ruhu: Şirkətdə hörmət və birgə məqsədlərə yönəlmiş iş mədəniyyəti təşviq olunur, namizədin komanda dəyərləri və bilik paylaşımı bacarıqları qiymətləndirilir.
· Etibarlılıq: Qərarlar obyektiv meyarlara və faktlara əsaslanır.
· Qanunvericiliyə uyğunluq: Bütün proseslər Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər daxili və xarici normativ sənədlərə uyğun həyata keçirilir.
3. Namizədlərin məlumatlarının
məxfiliyi
Namizədlər tərəfindən təqdim olunan şəxsi məlumatlar yalnız işə qəbul
prosesi çərçivəsində istifadə olunur, təhlükəsiz şəkildə qorunur və üçüncü
şəxslərə ötürülmür (qanunvericiliklə tələb olunan hallar istisna olmaqla).
Vakansiya bağlandıqdan sonra məlumatlar “Sənədləşdirilmiş İnformasiyanın
İdarəedilməsi Proseduru”na uyğun olaraq arxivləşdirilir və müəyyən edilmiş
qaydada məhv edilir.
4. Daxili namizədlər və karyera inkişafı
Şirkət mövcud əməkdaşların peşəkar inkişafını və karyera yüksəlişini
strateji prioritet hesab edir. Daxili və xarici namizədlər eyni tələblərə cavab
verdikdə, üstünlük şirkətin kvota öhdəliyi olmadığı halda daxili namizədə
verilir.
5. Məsuliyyət
Bu Siyasətin icrası İnsan resursları və Daxili kommunikasiya
şöbəsinin məsuliyyətindədir. Siyasətə dair bütün sual və təkliflər həmin şöbəyə
təqdim edilir.
6. Maddi-texniki təminat
İşə qəbul siyasətinin tətbiqi üçün tələb olunan resurslar “Meqa
Sığorta” ASC-nin maliyyə vəsaiti hesabına təmin edilir.