FAQ
Sığorta nədir ?
Sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Sığortaçı kimdir ?
Sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.
Faydalanan şəxs kimdir ?
İcbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan fiziki və ya hüquqi şəxs.
Sığortalı kimdir ?
Sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
Azadolma məbləği nə deməkdir ?
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nədir ?
Mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
İcbari sığortada üçüncü şəxs dedikdə kimlər nəzərdə tutulur ?
Sığortalının hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslərdir . Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.
Zərər bir neçə üçüncü şəxsin əmlakına vurulduqda sığorta ödənişi məbləği necə hesablanır ?
Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin avtomobilinə və ya əmlakına zərər vurularsa və zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi 5000 manatı aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
Bonus-malus sistemi nədir ?
Əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.
Subroqasiya hüququ nə deməkdir ?
Sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzini ödədikdə, ödədikləri sığorta ödənişini sığorta məbləği həddində sığortaçıdan tələb edə bilərlər.
Yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki iştirakçı təqsirkar olduğu halda sığorta ödənişi necə verilir ?
Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.
Yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxsə görə sığorta ödənişini kim ala bilər ?
Ölən şəxsin ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar)
Sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin hansı servis məntəqəsində təmir edilməsini kim təyin edir ?
Sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmir olunacağı servis müəssisəsi sığortaçının seçimi əsasında müəyyən edilir.
Təkrarsığorta nədir ?
Sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi
Elektron sığorta müqaviləsi hansı qaydada bağlanılır ?
Vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir.
Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı necə ödənilir ?
Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər. Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir. Bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər.
Elektron sığorta müqaviləsinin etibarlılığını necə yoxlamaq olar ?
Elektron sığorta müqaviləsi qüvvəyə mindiyi an sığortalının mobil telefon nömrəsinə təsdiqedici məlumat göndərilir. Təsdiqləyici SMS məlumatlandırma yalnız İcbai Sığorta Bürosunun 9707 qısa nömrəli SMS xidməti vasitəsi ilə aparılır. Sığortalılar sığorta müqaviləsinin bağlanılması zamanı mobil telefon nömrələrinin müqavilədə düzgün göstərilməsini sığortaçıdan tələb etməlidir. Büronun internet səhifəsindən http://services.isb.az elektron sığorta müqaviləsinin etibarlı olmasını yoxlamaq mümkündür.
Üçüncü şəxsin əmlakına zərər vurulması zamanı icbari sığorta müqaviləsi ilə sığorta təminatı hansı həcmdə verilir ?
Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına zərər vurularsa, bu zaman - 5000 manat-adək olan zərərin ödənilməsinə təminat verilir
Üçüncü şəxsin həyatına və sağlamlığına zərər vurulması zamanı icbari sığorta müqaviləsi ilə sığorta təminatı hansı həcmdə verilir ?
Sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir.. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz; zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması: I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə- 80 faiz; II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə- 60 faiz; III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə- 40 faiz; əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; yüngül xəsarət alması – 15 faiz.
İcbari sığorta müqaviləsinin qüvvəyə minməsi necə bilinir ?
İcbari sığorta müqaviləsi yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Sığorta müqaviləsi ilə bağlı məlumatlar informasiya sisteminə daxil olunduqdan sonra bu barədə Sizin mobil nömrənizə 9707 qısa nömrəsindən SMS göndərilir.
Səyahət sığortası nədir ?
Xaricə gedən insanın öz həyat və sağlamlığını sığortaladığı xüsusi sığorta proqramıdır.
Könüllü tibbi sığorta nədir ?
Tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə Sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.