AZ / EN / RU
Şəxsi kabinet
HAQQIMIZDA/FİZİKİ ŞƏXSLƏRƏ/HÜQUQİ ŞƏXSLƏRƏ/MÜŞTƏRİ XİDMƏTLƏRİ/ƏLAQƏ

Dividend Siyasəti

1.      Ümumi müddəalar

1.1. “Meqa Sığorta” ASC-nin (bundan sonra “Sığorta şirkəti”) Dividend Siyasəti (bundan sonra “Siyasət”) Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, bununla bağlı qüvvədə olan digər normativ-hüquqi aktlar və Sığorta şirkətinin Nizamnaməsi əsasında tərtib edilmişdir.

1.2. Bu Siyasətin məqsədi sığorta şirkətinin kapitalının möhkəmləndirilməsi, bazarda mövcud rəqabət şəraitində onun mövqeyinin qorunub saxlanması və sığorta şirkətinin kapitalına dair nəzarət orqanının tələbləri nəzərə almaqla, şirkətin mənfəətinin səhmdarlar arasında müvafiq qaydada bölüşdürülməsinin ümumi prinsiplərini müəyyən etməkdən ibarətdir. 

1.3. Bu Siyasət sığorta şirkətinin dividendlərin hesablanması, elan olunması və ödənilməsi qaydalarını müəyyən edir.

1.4. Bu Siyasət dividendlərin ödənilməsi zamanı şəffaflıq, ədalətlilik, sabitlik və ardıcıllıq prinsiplərinə riayət edilməsi məqsədini daşıyır.

·         Şəffaflıq – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəliklərinin təyin edilməsi;

  • Ədalətlilik – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
  • Sabitlik –Sığorta şirkətinin sabit dividend ödənişləri etmək təşəbbüsü.
  • Ardıcıllıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;

1.5. Adi səhm üzrə dividend sığorta şirkətinin xalis mənfəətinin səhmdarlara hər bir  səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.

1.6. İmtiyazlı səhm üzrə dividend sığorta şirkətinin fəaliyyətinin nəticəsindən asılı olmayaraq səhm sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. 

1.7. Sığorta şirkəti, bir qayda olaraq, illik dividendlər ödəyir. 

1.8. Sığorta şirkəti, dividendləri hər maliyyə ili ödəməyə çalışacaq və hər hansı ildə bunu etmədikdə, bu barədə məlumatı səhmdarlara açıqlayacaq. 

2.    Dividendlərin ödənilməsi barədə qərar

2.1. Dividendlərin ödənilməsinin Sığorta şirkətiınin kapitalının adekvatlığına təsiri nəzərə alınmaqla, İdarə Heyəti xalis mənfəətin hansı hissəsinin dividend şəklində bölüşdürülməsi barədə Direktorlar Şurasına təklif verir. Həmin təklifə Sığorta şirkətinın maliyyə ilinin nəticələrinə görə mənfəətinin bölüşdürülməsinə həsr olunmuş Direktorlar Şurasının iclasında baxılır və təsdiq üçün Səhmdarların ümumi yığıncağının iclasına təqdim edilir.

2.2. Sığorta şirkəti tərəfindən dividendlərin elan olunması və ödənilməsi barədə qərar Direktorlar Şurasının təklifləri əsasında Sığorta şirkətiın Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul olunur.

2.3. Dividendlərin elan olunması və ödənilməsi barədə qərar qəbul edilərkən onların miqdarı və hər bir səhm növü üzrə ödənişlərin aparılması qaydası müəyyən edilməlidir. 

2.4. Dividendlərin elan olunması və ödənilməsi barədə Səhmdarların ümumi yığıncağının qərarında aşağıdakılar əks olunmalıdır:

2.4.1. barəsində dividendlərin ödənilməsi qərarı qəbul edilən səhmlərin kateqoriyası və növü;

2.4.2. dividendlərin ödənilməsi müddəti;

2.4.3. dividendlərin ödənilməsi forması.

2.5. Sığorta şirkəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini)  imtiyazlı səhmlər üzrə dividendlərin tam həcmdə hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.

2.6. Səhmdarların ümumi yığıncağı aşağıdakı hallarda dividendlərin elan olunması və ödənilməsi barədə qərar qəbul edə bilməz:

2.6.1. Sığorta şirkətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından az olduqda və ya dividendlərin ödənilməsi nəticəsində həmin miqdardan az olacaqsa;

2.6.2 Dividendlərin elan edilməsi və ödənilməsi nəticəsində məcmu kapitalın məbləği tələb olunan kapitalın məbləğindən az olacaqsa; 

2.6.3. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

3.    Dividendlərin hesablanması

3.1 Adi səhmlər üzrə dividendlər Sığorta şirkətiın xalis mənfəəti hesabına səhmdarlar arasında onların mülkiyyətində olan adi səhmlərin miqdarına mütənasib şəkildə bölüşdürülür və ödənilir.

3.2 Bir adi səhm üzrə ödəniləcək dividendin miqdarı dividendlərin ümumi həcminin Sığorta şirkəti tərəfindən buraxılmış və geri satın alınmamış adi səhmlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. 

3.3 İmtiyazlı səhmlər üzrə ödəniləcək dividendlərin miqdarı qüvvədə olan qanunvericiliyə və Sığorta şirkətiın Nizamnaməsinə uyğun olaraq Səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən edilir.

3.4       İmtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi üçün dividend fondu yaradıla bilər.

3.5 Dividendlərdən qanunvericiliyə uyğun olaraq vergi tutulur. Dividendlər elan olunarkən, səhmdarlardan tutulacaq hər hansı vergilər nəzərə alınmır.

3.6 Yeni emissiya edilmiş səhmlərə onların buraxıldığı il üzrə dividendlər səhmin alındığı gündən hesablanır.   

3.7 İmtiyazlı səhmlər üzrə dividendlərin miqdarı Səhmdarların ümumi yığıncağının qərarı ilə dəyişdirilə bilər.

3.8 Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.  

4.      Dividendlər almaq hüququna malik olan şəxslərin siyahısı

4.1. Dividendlər almaq hüququna malik olan şəxslərin siyahısı Sığorta şirkətiın səhmdarlarının reyestri əsasında müəyyən edilir. Həmin reyestr dividendlərin ödənilməsi məsələsinə baxılacaq Səhmdarların ümumi yığıncağının keçirilməsinədək 30 gündən tez 15 gündən gec olmayan müddətə təsadüf edən tarixdə tərtib edilməlidir. 

4.2. Dividendlər almaq hüququna malik olan şəxslərin siyahısı müəyyən edilərkən səhmlərin nominal sahibləri reyestrin tərtib olunması tarixinə maraqlarını təmsil etdikləri səhmdarlar barədə məlumatı Sığorta şirkətiın reyestrsaxlayıcısına təqdim etməlidirlər.

5.      Dividendlərin ödənilməsi

5.1. Elan olunmuş dividendlər 1 (bir) ay ərzində səhmdarlara ödənilir.

5.2. Dividendlər ödəniş gününə olan səhmin sonuncu sahibinə ödənilir. Səhmlərin sonuncu sahibi dedikdə, sonuncu reyestrdən çıxarışda göstərilən səhmdarlar nəzərdə tutulur. 

5.3. İdarə Heyəti elan olunmuş dividendlərin səhmdarlara ödənilməsini təmin etməlidir.

5.4. Sığorta şirkəti, dividendlərin ödənilməsi qaydası, tarixi və yeri barədə mətbuat orqanlarında və özünün internet saytında məlumat dərc edir.

5.5. Səhmdar onun dividendlər almaq hüququna malik olan şəxslər siyahısına daxil olunması, həmçinin dividendlərin ödənilməsi qaydası, tarixi və yeri barədə sorğu ilə Sığorta şirkətinə müraciət edə bilər. Bu halda Sığorta şirkəti sorğunun daxil olduğu tarixdən etibarən 5 (beş) iş günü ərzində səhmdara müvafiq cavab göndərməlidir.

5.6. Bu Siyasətin 2.6-cı bəndində göstərilən hallarda Səhmdarların ümumi yığıncağının qərarı olduğu halda belə Sığorta şirkəti elan olunmuş dividendləri səhmdarlara ödəyə bilməz.

5.7. Bu Siyasətin 5.6-cı bəndində göstərilən hallar aradan qaldırıldıqda, Sığorta şirkəti 1 (bir) ay ərzində elan olunmuş dividendləri səhmdarlara ödəməlidir.

5.8. Nəzarət orqanı tərəfindən müvafiq tələb qoyulduqda, dividendlərin ödənilməsi həmin orqanın razılığı ilə həyata keçirilə bilər. 

6.      Yekun müddəalar

6.1. Bu Siyasət Direktorlar Şurası tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.

6.2. Bu Siyasətin qüvvəyə minməsindən sonra Azərbaycan Respublikasının   qanunvericiliyində və ya Sığorta şirkətinin Nizamnaməsində hər hansı dəyişiklik baş verdikdə, bu Siyasətin müddəaları həmin dəyişikliklərə zidd olmayan hissədə tətbiq edilir.